Milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynamış Azərbaycan mətbuatı xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz böyük töhfəsini vermişdir.
Heydər ƏLİYEV,
Ümummilli lider
Ulu öndər hələ dövlət təhlükəsizlik orqanlarında çalışdığı illərdə, xüsusən də Azərbaycan KP MK-nın birinci katibi olarkən mətbuatla sıx təması öz iş prinsipinin başlıca istiqamətlərindən birinə çevirmişdi. Bu, ondan irəli gəlirdi ki, dahi şəxsiyyət hər zaman güclü təbliğat və təşviqat maşını olan mətbuatın insanları səfərbər etmək, onları təşkilatlandırmaq imkanlarını çox gözəl bilirdi. Ona görə də hələ totalitar sovet rejimi dövründə, sovet senzurasının tüğyan etdiyi bir zamanda mətbuatın cəmiyyətdə demokratik düşüncə, sərbəst fikir və mühakimə formalaşdırmaqdakı roluna böyük əhəmiyyət vermişdir. 70-80-ci illərdə cəmiyyəti düşündürən, narahat edən bütün problemlər məhz onun şəxsi təşəbbüsü ilə bu və ya digər formada mətbuata çıxarılırdı. Bu barədə kifayət qədər fakt olduğu üçün müəyyən konturlara diqqət yönəltməyi məqsədəuyğun hesab etdik.
Görkəmli dövlət xadiminin “Literaturnaya qazeta”nın 18 noyabr 1981-ci il tarixli nömrəsində dərc olunan “Qoy ədalət zəfər çalsın!” müsahibəsi sovet quruluşundan irəli gələn cəmiyyətdəki eybəcərlikləri – rüşvətxorluq, vəzifədən sui-istifadə, dövlət əmlakını mənimsəmə kimi mənfi hallara qarşı kəskin mübarizə mövqeyindən çıxış etmişdi. Həmin dövrlərdə belə bir görünməmiş addım bütün SSRİ-yə səs salmışdı. Dahi şəxsiyyət Heydər Əliyev sübut etmişdi ki, “ideal” sovet quruluşu, əslində, başdan-başa eybəcərliklər və nöqsanlardan ibarətdir. Ulu öndər böyük cəsarətlə bəyan etmişdi ki, “ədalətli”, “humanist” sovet idarəetmə sistemi adı altında illərdir, yığılıb qalan, gizlədilən problemlərin yeganə həlli yolu onları üzə çıxarmaq və həmin eybəcərliklərə qarşı açıq-aşkar mübarizə aparmaqdır.
Bu müsahibə, əslində, SSRİ məkanında ilk dəfə olaraq cinayətkarlığa və korrupsiyaya qarşı açıq meydan oxumaq idi. İdeoloji dayaqlarını özünü dünyadan təcrid etməklə qoruyub saxlayan, məhvərini beynəlxalq mühitə qapalılıqla “sarsılmaz” edən bir ölkədə, özü də kifayət qədər böyük nüfuza malik siyasi rəhbər tərəfindən cəmiyyətdə kök salmış neqativ halların açıq şəkildə təhlil və tənqid olunması o dövr üçün sovet cəmiyyətində qaranlıqlara işıq salan, qulaqlarda gurlayan şimşək effekti vermişdir. Bu müsahibə ilə Sov. İKP Siyasi Bürosu üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev ötən əsrin 80-ci illərinin sonlarına yaxın “aşkarlıq”, “yenidənqurma” tezislərinin ortaya atılmasından, keçmiş sovet imperiyasının süquta uğramasından çox-çox əvvəl böyük siyasi uzaqgörənliklə bu prosesləri qabaqlayaraq, gələcək müstəqil Azərbaycanın demokratik cəmiyyət quruculuğunun ilk kodekslərini təqdim etmişdir.
Bəzi məsləksiz kütləvi informasiya vasitələrinin də “müstəsna xidmətləri” nəticəsində təhdid, iftira və böhtanlara məruz qalmaq yolu ilə, tutduğu vəzifədən uzaqlaşdırılan, doğma yurdu Naxçıvana yenicə qayıtmış iki dəfə Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan KP MK-nın birinci katibi, Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifələrində işləmiş dahi şəxsiyyət Heydər Əliyevin “Şərq qapısı” qəzetinin 26 iyul 1990-cı il tarixli nömrəsində dərc olunan “Daha susa bilməzdim” adlı müsahibəsi ulu öndərin Vətənə qayıtdıqdan sonra Azərbaycan mətbuatında dərc olunmuş ilk müsahibə kimi xüsusilə diqqəti cəlb edir. O, müsahibədə bir sıra qüvvələrin, xüsusilə də bəzi kütləvi informasiya vasitələrinin ona qarşı ədalətsizliyi, partiya orqanlarının müvafiq dairələrinin əli ilə qarayaxma kampaniyası aparılması haqqında, Azərbaycan Respublikasının Moskvadakı Daimi Nümayəndəliyinə gələrək 20 Yanvar faciəsinə kəskin etirazını bildirdikdən sonra bu təzyiqlərin daha da artması ilə bağlı cəsarətlə məlumat vermişdir. Ulu öndərin böyük cəsarət və qətiyyətlə, siyasi uzaqgörənliklə səsləndirdiyi “İndi hər bir adama, hər bir xalqa, hər bir siyasi təşkilata və siyasi qüvvəyə öz taleyini müstəqil müəyyən etmək imkanı verilməlidir” – fikrinin sovet ideologiyasının, sovet senzurasının hələ “ölmədiyi” bir vaxtda qəzetdə dərc olunması mətbuat orqanı üçün də böyük qətiyyət və cəsarət idi.
Müsahibə görkəmli siyasi xadimin son altı il ərzində ölkədə gedən yenidənqurma proseslərini dərindən təhlil etməsi, ölkədə yaranan siyasi vəziyyəti öz fikrini söyləmək, respublikaların öz suverenliyi və müstəqilliyi uğrunda mübarizə aparmaq imkanı kimi dəyərləndirməsi, “Mən Azərbaycanın iqtisadi və siyasi suverenliyinin, tam müstəqilliyinin tərəfdarıyam” kimi cəsarətli çağırışı, deputatlığa namizəd kimi səsləndirdiyi “Siyasi və iqtisadi cəhətdən suveren, müstəqil Azərbaycan uğrunda mübarizə aparmaq” platformasını bəyan etməsi ilə müasir siyasi tariximizdə müstəsna yer tutur. Dahi Nizaminin “Qoy ədalət zəfər çalsın!” misrası əsrlər sonra daha böyük siyasi məna əxz etmiş, “Daha susa bilməzdim” ifadəsi ilə birgə aforizmə, milli demokratiya şüarına çevrilmişdir.
Ümummilli lider respublikada hakimiyyətinin hər iki dövründə mətbuata həmişə böyük yaradıcılıq sərbəstliyi, demokratik meydan yaratmış, özünün də dəfələrlə qeyd etdiyi kimi, müstəqil, demokratik mətbuatın inkişafına xüsusi əhəmiyyət vermişdir: “Ölkəmizdə siyasi plüralizmin tələblərinə dönmədən əməl edilir. Söz, fikir və əqidə azadlığının təmin olunması, kütləvi informasiya vasitələrinin hərtərəfli inkişafı, onların sərbəst fəaliyyəti üçün zəruri şəraitin yaradılması Azərbaycanın dövlət rəhbəri kimi mənim qarşımda duran mühüm vəzifələrdəndir”.
Ulu öndərimizin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizdə hüquq islahatlarının ayrılmaz hissəsi kimi kütləvi informasiya vasitələrinin daha da müstəqilləşməsi, demokratikləşməsi istiqamətində davamlı siyasət həyata keçirilməyə başlandı. Mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, qəzetlərin maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində də ardıcıl işlər görüldü. Mətbuatın müstəqilliyinə və fikir plüralizminə xidmət edən möhkəm qanunçuluq bazası yaradılması medianın inkişafında da ciddi dönüşə səbəb oldu.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” 1998-ci il 6 avqust tarixli fərmanı ilə 27 oktyabr 1996-cı ildə Nazirlər Soveti yanında yaranmış Mətbuatda və Digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi.
Dahi şəxsiyyətin demokratik dövlət quruculuğunun mühüm amili kimi ölkəmizdə senzuranın rəsmən ləğv edilməsi ilə bağlı imzaladığı bu fərman cəsarətli, prinsipial addım idi. Böyük uzaqgörənliklə qəbul edilmiş bu qərar kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verdi. Mətbuat cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməyə başladı. Mətbuat və İnformasiya Nazirliyinin ləğvi kütləvi informasiya vasitələrinin təsis olunmasını və onlardan istifadə qaydalarını asanlaşdırdı.
Azərbaycan Avropa Şurasına üzvlüyə qəbul edildikdən sonra ölkədə aparılan demokratik islahatlar söz və mətbuat azadlığının daha geniş bərqərar olmasına imkan yaratdı. Dahi rəhbərin 1999-cu il 7 dekabr tarixdə “Kütləvi İnformasiya Vasitələri haqqında” Qanun imzalaması bu prosesi daha da sürətləndirdi.
Jurnalistlərlə sıx təmasda olan, kütləvi informasiya vasitələrinin mövcud problemləri ilə yaxından maraqlanan Heydər Əliyevin adı mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsinə, iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına xüsusi qayğı göstərməsi ilə də böyük siyasi xadim kimi tarixə həkk olunmuşdur. 2001-ci il dekabrın 18-də aparıcı KİV rəhbərləri ilə görüşən ulu öndər jurnalistikanın üzləşdiyi bir sıra çətinliklərin aradan qaldırılması üçün kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması haqqında fərman və sərəncamlar imzaladı.
2001-ci ildə Azərbaycan jurnalistlərinin I Qurultayının keçirilməsi və Cənubi Qafqazda ilk dəfə Azərbaycanda Mətbuat Şurası adlanan özünütənzimləmə təsisatı yaradılması da milli mətbuat tarixindəki mühüm hadisələrdəndir.
2001-ci il mayın 11-də ulu öndərin “Kütləvi İnformasiya Vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” imzaladığı fərman müstəqil mətbuatın inkişafında əhəmiyyətli rol oynayan tarixi sənəddir.
Görkəmli dövlət xadiminin bir sıra KİV-lərə dövlət tərəfindən güzəştli kreditlər verilməsi, qəzetlərin əlavə dəyər vergisindən azad edilmələri, onların maddi-texniki bazasının daha da gücləndirilməsi, ölkəyə gətirilən qəzet kağızı üçün dövlət rüsumunun ləğvi, qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borclarının 2005-ci ilədək dondurulması ilə bağlı qəbul etdiyi qərarlar mətbuatla bağlı müasir tələblərə cavab verən qanunvericilik aktlarıdır.
Təsadüfi deyildir ki, 2002-ci ilin martında ABŞ Dövlət Departamentinin yeni müstəqil respublikalarda demokratiyanın vəziyyətini əks etdirən illik hesabatında dahi siyasətçi Heydər Əliyevin Azərbaycanda insan və hüquq azadlıqlarının, o cümlədən söz və mətbuat azadlığının da təmin olunması ilə bağlı fəaliyyəti yüksək dəyərləndirilir.
Azərbaycan milli mətbuatının daha da inkişaf etdirilməsi sahəsindəki bütün bu xidmətlərinə görə dahi şəxsiyyət Heydər Əliyev 2002-ci ilin martın 22-də “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin təsis etdiyi “Jurnalistlərin dostu” mükafatına layiq görülür. Müdrik dövlət rəhbəri Heydər Əliyev fəaliyyəti boyu ölkə mətbuatını təmsil edən jurnalist kollektivləri ilə görüşlərində mətbuatın problemlərini, mövcud nöqsanlarını da göstərir, dəyərli tövsiyələr verirdi. Belə ki, Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi münasibəti ilə 21 iyul 2000-ci ildə milli jurnalistikamızın tanınmış nümayəndələrinin peşə bayramını təbrik edən ulu öndərimiz 2001-ci il dekabrın 18-də Prezident sarayında ölkəmizdə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşmüş, 2002-ci il iyulun 25-də Prezident sarayında Bakı Mətbuat Klubunun təsisçilərini qəbul etmişdir.
Peşəkar milli jurnalistikanın inkişafı ölkədə söz və mətbuat azadlığının qarantı olan ümummilli liderin adı ilə bağlıdır. Böyük siyasi xadim xarici səfərlər zamanı brifinqlər, mətbuat konfransları keçirərək respublikanın ictimai-siyasi, sosial-iqtisadi həyatında baş verən hadisələrlə bağlı xalqa operativ və obyektiv informasiya çatdırılmasını təmin edirdi.
Qeyd etmək yerinə düşər ki, Azərbaycançılıq fəlsəfəsinə söykənən və yüzilliklərə hesablanmış Heydər Əliyev siyasi irsinə varisliyi şərəf və ləyaqətlə üzərinə götürən Prezident İlham Əliyev ulu öndərimizin ölkədə azad mətbuatın inkişafı sahəsində müəyyən etdiyi siyasəti də uğurla davam etdirir. Mətbuatımızın qabaqcıl və mütərəqqi ənənələrə əsaslanmaqla, xalqımızın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini vacib sayan Prezident İlham Əliyev söz və mətbuat azadlığını demokratiyanın əsası hesab edir: “Azərbaycanda aparılan siyasi islahatların əsas mənası, məqsədi ondan ibarətdir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, ölkədə yaşayan hər bir vətəndaş bütün azadlıqlardan istifadə etsin. Azərbaycanda, o cümlədən mətbuat azadlığı da mövcuddur. Biz bu məsələdə çox ciddi addımlar atırıq. Söz azadlığının, mətbuat azadlığının təmin olunması bizim prioritet məsələmizdir və deyə bilərəm ki, Azərbaycan bu sahədə böyük uğurlara nail olmuşdur”.
Dövlət başçısının 2005-ci il 20 iyun tarixli sərəncamına əsasən Azərbaycan milli mətbuatının 130 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması, ilk dəfə olaraq mətbuat işçilərinin çoxsaylı mükafat, orden və medallarla təltif olunması, “Əməkdar jurnalist” fəxri adının bərpa edilməsi ölkə başçımızın jurnalistlərə doğma münasibətinin və verdiyi dəyərin təzahürüdür. “Kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi haqqında” 2005-ci il 21 iyul tarixli sərəncama əsasən Mətbuat Şurasının maddi-texniki bazasının möhkəmləndirilməsi, 30-dan çox müxtəlif mətbuat orqanı və informasiya agentliklərinin hər birinə 10 milyon manat maliyyə dəstəyi göstərilməsi, qəzetlərin nəşriyyatlara olan borclarının dövlət büdcəsi hesabına ödənilməsi ilə mətbuat orqanlarının maddi-texniki bazasının gücləndirilməsi, jurnalist əməyinin qiymətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin miqyası daha da genişləndirildi. Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il fevralın 8-də imzaladığı sərəncama əsasən redaksiyaların “Azərbaycan” nəşriyyatına olan 400 min manat məbləğində borcu dövlət büdcəsindən ödənildi, ayrı-ayrı mətbu orqanlara dövlət tərəfindən yardım ayrıldı. 2008-ci il 31 iyul tarixli sərəncam ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” KİV-nin müstəqilliyinin təmin edilməsi məqsədilə kompleks tədbirlər nəzərdə tutan mühüm sənəd kimi milli jurnalistikanın sonrakı inkişafına əhəmiyyətli təsir göstərdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 2 iyun tarixli Sərəncamına əsasən milli mətbuatın 140 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsi müstəqil Azərbaycanda azad sözə, mətbuatın inkişafına göstərilən qayğının daha bir ifadəsidir. “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli sərəncamı isə mətbuata böyük dəyər olmaqla milli jurnalistikamızın gələcək fəaliyyət istiqamətlərini, ana məramını da müəyyənləşdirmişdir.
Ölkədə aparılan düzgün media siyasətinin nəticəsidir ki, yeni dövrün milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsini zərurətə çevirməsi daim nəzərə alınır, media məkanında sürətli qloballaşma prosesi gedir. Bu baxımdan mövcud qanunvericiliyin təkmilləşdirilməsinin zamanın tələbi olduğunu nəzərə alan Prezident İlham Əliyevin tapşırığı ilə media haqqında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş aparılır. Dövlətimizin başçısının 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında ölkəmizdə media sahəsində islahatların daha sürətlə aparılması məqsədilə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradıldı.
2021-ci il 30 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanan “Media haqqında Azərbaycan Respublikasının Qanunu” media fəaliyyətini tənzimləmək və standartlaşdırmaq və media orqanlarının etik standartlara uyğun fəaliyyət göstərməsini təmin etmək, milli jurnalistika sahəsində mövcud ənənələrin qorunması və inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyətə malik dövlət sənədidir.
Ölkəmizdə mətbuata dövlət qayğısının mühüm nümunələrindən biri də Mətbuat Şurasının yeni bina ilə təmin edilməsi oldu. Prezident İlham Əliyevin 22 iyul 2010-cu il tarixdə – milli mətbuatımızın 135 illiyində Mətbuat Şurasının yeni binasının açılış mərasimində iştirak etməsi isə bu qurumun fəaliyyətinə dövlətin verdiyi önəmin təzahürü idi. Azərbaycan mətbuatı üçün digər böyük hadisə jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış evlərinin tikintisidir. Dövlət başçımızın 2010-cu iyulun 22-də imzaladığı “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” Sərəncamına əsasən mətbuat işçiləri üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına jurnalistlər üçün 156 mənzildən ibarət 17 mərtəbəli bina inşa olunaraq istifadəyə verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli sərəncamı ilə jurnalistlər üçün tikilən növbəti – 3 bloklu, 17 mərtəbəli binada media sahəsində çalışanlara 255 mənzil hədiyyə edilmişdir. Həmin binanın tikintisi üçün 22 milyon manatdan çox vəsait sərf olunmuşdur.
Dövlətimizin başçısı 20 iyul 2017-ci il tarixdə həmin binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində şəxsən iştirak və çıxış etmişdir. Media reyestrinin yaradılması, jurnalistlərə vahid vəsiqələrin verilməsi, güzəştli ipoteka şərtlərindən media nümayəndələrinin yararlanmasının təmin olunması və digər üstünlüklər jurnalistlərə göstərilən diqqət və qayğının əməli təzahürüdür. Bunun nəticəsidir ki, Prezident İlham Əliyev 2010 və 2017-ci illərdə “Jurnalistlərin dostu” seçilmişdir.
Bütün bunlar bir daha təsdiq edir ki, əsl Azərbaycanşünas olan ümummilli liderimiz Heydər Əliyev milli jurnalistikamızın inkişafına misilsiz töhfələr vermişdir.
Mehriban SULTAN,