Ümummilli liderimiz Heydər Əliyev: Jurnalist əməyi qeyri-adi əməkdir. Böyük səy, zəhmət, cəsurluq, hünər, fədakarlıq, öz peşəsinə vurğunluq tələb edən əməkdir
Məlum olduğu kimi, əsası 1875-ci ildə “Əkinçi” qəzetinin işıq üzü görməsi ilə qoyulan Azərbaycan mətbuatı olduqca böyük inkişaf yolu keçib. Keçən iki əsrə yaxın dövrdə bir sıra problemlərlə üzləşən, həmçinin, ağır sınaqlardan çıxan Azərbaycan mətbuatı bu gün müasir dünyada özünə layiqli yer tapa bilib. Ümumiyyətlə, demokratiyanın əsas göstəricilərindən sayılan söz azadlığı prinsipi dövlətlərin, xalqların inkişafında, cəmiyyətlərin formalaşmasında müstəsna rol oynayır. Eyni zamanda, Azərbaycanda inkişafın kompleks təmini həm də bu prinsipə sadiqlikdən irəli gəlir. Ölkəmiz dünyada söz azadlığının qorunduğu, mətbuatın yüksək səviyyədə inkişaf etdiyi dövlətlər sırasındadır. Xüsusi olaraq vurğulamaq lazımdır ki, ölkəmizdə azad sözün inkişafı və mətbuatın yüksək müasir standartlara yiyələnməsi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. İstər 1969-cu ildə Azərbaycana rəhbərlik etdiyi dönəmlərdə, istərsə də xalqımızın təkidli tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra Ümummilli liderimiz Heydər Əliyev ölkəmizdə mətbuatın inkişafı, söz azadlığının bərqərar olması istiqamətində mühüm addımlar atdı. Ulu öndər Heydər Əliyev deyirdi ki, “jurnalist əməyi qeyri-adi əməkdir. Böyük səy, zəhmət, cəsurluq, hünər, fədakarlıq, öz peşəsinə vurğunluq tələb edən əməkdir”. Ulu öndərin rəhbərliyi və birbaşa iştirakı ilə hazırlanan ölkə Konstitusiyasında vətəndaşların söz azadlığı hüququ təsbit edildi, 1998-ci ildə Azərbaycanda senzura ləğv olundu. Bundan başqa, məhz Ulu öndər Heydər Əliyev müasir Azərbaycan jurnalistikasının inkişafı və müasir standartlara yiyələnməsi, həmçinin, peşəkarlığın inkişafı istiqamətində qanunvericiliyin təkmilləşdirilməsində əsaslı rol oynadı...
Ulu öndər Heydər Əliyev 1969-cu ildə ana dilimizin və milli mətbuatımızın xilaskarına çevrildi...
Tarixdən bəlli olduğu kimi, 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğraması və 1920-ci ildə Sovet rejiminin qurulması həmin dönəmlərin Azərbaycanı üçün bir sıra sahələrdə böhran yaratdığı kimi, hələ təzə-təzə çiçəklənən milli düşüncənin, milli mətbuatın da qarşısında böyük bir sədd çəkdi. Sonrakı dövrlərdə isə artıq Sovet təbliğatı tam şəkildə bütün sahələrdə tətbiq edilməyə başlandı. Düzdür, ali məktəb səviyyəsində jurnalistika tədris edilsə də, Azərbaycan dilinin artıq sıradan çıxmaq üzrə olması, get-gedə milli vətənpərvərlik hisslərinin sıradan çıxarılmasına cəhd göstərilməsi Azərbaycanda mətbuatın inkişafında böyük maneələr yaradırdı.
Bununla belə, totalitar Sovet rejiminin senzura maşını milli mətbuat ənənəsinin inkişafını dayandırsa da, peşəkarlıq baxımından bu sahədə müəyyən yol qət edildi. Eyni zamanda, bütün çətinliklərin bir dönüş nöqtəsi olduğu kimi, Azərbaycanın milli mətbuatının da xilas günü yetişdi. 1969-cu ilin 14 iyulunda Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi digər sahələr kimi, mətbuatın da inkişafında əsaslı dönüş yaratdı. Belə ki, Ümummilli liderimiz Heydər Əliyev hər zaman Azərbaycan dilinə böyük qiymət verdiyini nümayiş etdirirdi. 1978-ci ildə qəbul olunan Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasında məhz Ulu öndərin təşəbbüsü ilə dövlət dilinin Azərbaycan dili kimi təsbit olunması isə demək olar ki, bütün qaranlıqlara işıq saçdı. Bu isə özü-özlüyündə ana dilimizdə çap olunan qəzetlərin daha da populyarlaşmasına, milli mətbuatın daha da təkmilləşməsinə yol açdı.
Beləliklə, məhz həmin dövrdə istər ədəbi, istərsə də mətbu sahədə yüksək irəliləyişlər nəzərə çarpmağa başladı. Həmin vaxtlarda Azərbaycan dilində qəzetlərin sayı artırıldı, televiziyada verilişlərin Azərbaycan dilində yayımı genişləndirildi. Ulu öndər Heydər Əliyev Bakı Dövlət Universitetinin “Jurnalistika” fakültəsində ixtisaslı kadrların hazırlanması istiqamətində əhəmiyyətli addımlar atdı. Azərbaycanda nəşr olunan çap mətbuatı demək olar ki, ittifaq miqyasında peşəkarlıq səviyyəsinə və digər parametrlərinə görə seçilirdi. Artıq Azərbaycan mətbuatı uzun onilliklərlə qadağan olunan milli adət-ənənələrimizdən, milli tariximizdən, mədəniyyətimizdən, dilimizdən yazmağa başladı, bu məsələlər geniş təhlil olunaraq təbliğ edildi. Ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə o zamanın Azərbaycan Dövlət Universitetinin (indiki BDU) “Jurnalistika” fakültəsinin əlaçı tələbələri Moskva Dövlət Universitetinə oxumağa göndərildilər. Bu isə Azərbaycan milli jurnalistika məktəbinin formalaşmasında, müasir jurnalistikanın inkişafında mühüm və müstəsna rolunu oynadı.
Yeri gəlmişkən, Sovet İttifaqının dağılması ilə müstəqillik əldə edən Azərbaycanın mətbuatının da taleyi keşməkeşli oldu. Həmin dövrlərdə mətbuatın necə böyük çətinliklərlə üzləşdiyi hamıya bəllidir. O baxımdan, müasir, müstəqillik illərindən sonrakı dövrü bir neçə istiqamətə görə qruplaşdırmaq mümkündür.
1993-cü ilin iyunundan sonra xalqımızın milli dəyəri olan mətbuatımızın tarixində yeni, işıqlı bir səhifə açıldı...
1991-ci ildə əldə olunan müstəqilliklə bərabər ölkənin başının üstünü qara buludlar aldı. Təsadüfi şəxslərin ölkə rəhbərliyinə gəlməsi, silahlı qruplaşmaların mübarizə aparması və ölkədə qeyri-sabit vəziyyətin yaranması təbii olaraq mətbuatın da inkişafına maneələr törədirdi. Həmin vaxtlarda çətinliklə nəşr edilən qəzetlərə yaradılan bürokratik əngəllər əsl həqiqətin xalqa çatdırılmasına mane olurdu. AXC-Müsavat hakimiyyətinin jurnalistikaya, bu hakimiyyət təmsilçilərinin jurnalistlərə münasibəti onların hakimiyyətdə təmsil olunma səviyyələri ilə adekvat idi. Məhz həmin hakimiyyətin dövründə jurnalistlərə qarşı sui-qəsdlərin planlaşdırılması, özbaşınalıq, mətbuat işçilərini təqib etmə sanki dəbə mindi. Hətta bəzi hüquq-mühafizə orqanlarına rəhbərlik edən şəxslər açıq-aşkar televiziyalara silahlı basqın etməkdən, canlı efirdən jurnalisti təhqir, təhdid etməkdən belə, çəkinmirdilər. Məmurlar istənilən jurnalist haqqında istədiyi qərarı verirdi və söz azadlığı, fikir plüralizmi kimi məfhumlar Azərbaycana yad meyarlara çevrilmişdi. İstər Həsən bəy Zərdabi dövründən miras qalan, istərsə də Ümummilli liderimiz Heydər Əliyev tərəfindən formalaşdırılan milli mətbuat ənənələri kobud şəkildə dağıdılırdı. Belə çətin bir vəziyyətdə Azərbaycan jurnalistikası məhv olmaq təhlükəsi ilə üz-üzə dayanmışdı. Ölkəyə başçılıq edən şəxslər nəinki vətəndaşların söz azadlığı hüququnu tanıyır, əksinə imperiya dövründəki basqıların, senzuranın daha da gücləndirilməsinə şərait yaradırdılar. Mətbuatın inkişafına mane olmaq, azad sözü boğmaq üçün 1992-ci ildə yaradılan hərbi senzura yazılı mətbuatın vəziyyətini daha da ağırlaşdırdı. 1993-cü ilin aprel ayında senzuranın tətbiqinin miqyasının genişləndirilməsi və bütün informasiya yayımını əhatə etməsi haqqında verilən sərəncam məlumat azadlığını, jurnalistlərin sərbəst məlumat əldə etmək və yaymaqla bağlı peşə fəaliyyətini ciddi şəkildə məhdudlaşdırırdı. Bu problemlər Azərbaycan mətbuatının bərbad hala düşməsinə gətirib çıxarmışdı.
Amma yenə də Ulu öndər Heydər Əliyev xalqımızın köməyinə çatdı, milli dəyərlərimizi məhv olmaqdan növbəti dəfə xilas etdi. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtması bütün sahələrdə olduğu kimi mətbuatın inkişafında da mühüm dəyişikliklərə səbəb oldu. Ulu öndərimiz deyirdi: “Respublikamız dövlət müstəqilliyi qazandıqdan sonra milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda müstəsna xidmətlər göstərmişdir”.
Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması, vətəndaşların təhlükəsizliyinin təmini, sosial-iqtisadi problemlərin həlli söz, fikir azadlığının qorunması sahəsində əsaslı irəliləyişlərə şərait yaratdı. Mətbuat orqanlarının azad fəaliyyətinə yaradılan şərait, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər ölkədə fikir plüralizminin genişləndirilməsinə yol açdı. Müstəqil kütləvi informasiya vasitələrinin təsis edilməsi milli mətbuat ənənəsinin davam etdirilməsinə təkan verdi.
Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasında da mətbuata verilən qiymət öz əksini tapdı: “Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və məlumat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir”.
1998-ci ildə “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanın imzalanması ölkə mətbuatının inkişaf tarixində mühüm hadisə kimi qiymətləndirilir. Bu Fərman kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım sayıldı. Məhz Ulu öndər Heydər Əliyevin imzaladığı bu Fərmanla Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşdü. 1999-cu ilin sonunda qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” yeni qanun mətbuatda demokratik prinsiplərin daha da möhkəmləndirilməsinə xidmət etdi. Bu sənəd Azərbaycanda mətbuatın inkişafına mane olan bir sıra bürokratik əngəllərin aradan qaldırılmasına yol açdı. Dövlət qeydiyyatı ləğv olundu və yeni mətbuat orqanlarının təsis olunması prosedurası asanlaşdırıldı. Ümummilli liderimiz Heydər Əliyevin mətbuatın inkişafı ilə bağlı tədbirləri davamlı şəkil aldı. 2000-ci ilin martında Ulu öndərin Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqamı” təsdiq olundu, Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı. Ulu öndərimiz bu məsələ ilə bağlı deyirdi: “Bizim dövlət siyasətimizin əsas məqsədlərindən biri Azərbaycanın mütərəqqi mətbuat ənənələrinin davam etdirilməsi və müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, KİV-in maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, onların imkanlarından respublikada hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması və inkişafı, demokratik islahatların həyata keçirilməsində səmərəli istifadə edilməsindən ibarətdir”.
Ulu öndər Heydər Əliyev bir sıra qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borclarını dondurdu. Bundan başqa, Ulu öndərimiz cəmiyyətdə jurnalistlərə münasibətin formalaşmasında mühüm rol oynadı. Şəxsi təşəbbüsləri ilə jurnalistlərlə, qəzet baş redaktorları ilə keçirdiyi görüşlər Ümummilli liderimiz Heydər Əliyevi mətbuatın problemləri ilə daha yaxından tanış etdi. Bütün ölkə jurnalistləri Ulu öndər Heydər Əliyevi təkcə ölkə başçısı kimi deyil, həm də bir dost, onların zəhmətinə qiymət verən yaxın sirdaş kimi qəbul edirdi. Bunun nəticəsi idi ki, 2002-ci ildə Ümummilli liderimiz Heydər Əliyev “RUH” Azərbaycan Jurnalistlərinin Müdafiə Komitəsi tərəfindən keçirilən sorğu nəticəsində “Jurnalistlərin dostu” mükafatına layiq görüldü.
2001-ci ildə kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşən Ulu öndər Heydər Əliyev demişdir: “Biz mətbuat haqqında bir neçə ciddi addım atmışıq: söz azadlığının, mətbuat azadlığının təmin olunması, senzuranın aradan qaldırılması, bütün mətbuat orqanlarına sərbəstlik verilməsi. Əgər bu gün hansısa yeni bir şey varsa, biz onu edirik və edəcəyik”.
Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı siyasəti bu gün də Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Milli mətbuatın yaranmasının 130 illik yubileyi zamanı Prezident İlham Əliyev jurnalistləri fəxri adlara layiq gördü və ondan sonrakı dövrdə demək olar ki, hər il qəzetlərə birdəfəlik yardımlar ayrıldı. Bundan başqa, xüsusilə qeyd edilməlidir ki, məhz Prezident İlham Əliyevin göstərişi ilə qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borcları dövlət büdcəsi tərəfindən ödənildi. Sonrakı dövrdə isə KİV-ə Dövlət Dəstəyi Konsepsiyasının hazırlanması, KİV-ə Dövlət Dəstəyi Fondunun yaradılması və jurnalistlərin sosial rifahını yüksəltmək üçün atılan addımlar, 2010-cu ildə milli mətbuatımızın 135 illik yubileyi münasibətilə bir sıra jurnalistlərin fəxri adlarla təltif olunması, qəzetlərə birdəfəlik yardımların verilməsi və jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün beş milyon manat vəsaitin ayrılması dövlətin mətbuata münasibətindən xəbər verir. Bu gün Azərbaycan hakimiyyəti ölkəmizdə söz azadlığının, vətəndaş cəmiyyətinin inkişafında maraqlıdır. Və əsası Ulu öndərimiz tərəfindən qoyulan siyasətin uğurla davam etdirilməsi Azərbaycanda söz, fikir azadlığının yaradılmasını təmin edib. Bu isə ölkəmizi dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınmasına yol açıb.
Pərviz SADAYOĞLU